Haqqımızda

 Azərbaycanda həmkarlar təşkilatlarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmkarlar hərəkatı Avropadan Rusiyaya, oradan da Azərbaycana yayılmış, zaman-zaman həyatın bütün sahələrini əhatə etmişdir. Bu təşkilatlar təkcə işçilərin sosial, iqtisadi problemlərinin həlli ilə məşğul olmamış, eyni zamanda əsrin əvvəllərində ölkədə cərəyan edən siyasi proseslərin hərəkətverici qüvvəsinə çevrilmiş, dövlət təşkilatları və sahibkarlar qarşısında siyasi tələblər də qaldırmışdır.

Çarizm dövründə daha çox gizlin fəaliyyət göstərən, təzyiqlərlə üzləşən həmkarlar təşkilatlarının fəaliyyəti yalnız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq müstəviyə keçmiş, ölkədə bərqərar olan demokratiya şəraitində inkişaf edərək genişlənmişdir. Bu illərdə milli düşüncəli insanları bir araya gətirən həmkarlar təşkilatlarının formalaşması geniş vüsət almış, lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə imkan verməmişdir.

1920-ci ilin əvvəllərində Azərbaycanda 20-dən artıq həmkarlar təşkilatı fəaliyyət göstərmişdir ki, onlardan biri də məhz Təhsil İşçilərinin Həmkarlar təşkilatıdır. Bu təşkilat Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı adı altında 1920-ci ilin iyun ayında yaradılmış, işini Xalq Maarif Komissarlığı ilə əlaqəli şəkildə qurmuş, sosializmin təhsil siyasətinin yerlərdə icrasının təmin edilməsi prosesinin iştirakçısına çevrilmişdir.

Fəaliyyətinin ilk illərindən başlayaraq Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı bir sıra işlər görmüş, kurslar təşkil etmiş, bu sahədə çalışan insanların əmək hüquqlarının təmin olunması ilə bağlı təkliflərlə çıxış etmişdir. Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar ittifaqı xüsusən də əhalinin savadlanması ilə bağlı mühüm tədbirlər həyata keçirmişdir.

1921-ci ilin yanvarında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı İncəsənət İşçiləri Həmkarlar İttifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı adlandırılmış, həmçinin həmin ilin mayından mətbuat işçilərini də öz sıralarında birləşdirmişdir. 1922-1934-cü illərdə məktəb, uşaq bağçaları, uşaq evləri, elmi idarə, ali məktəb və siyasi maarif idarələri işçiləri də Maarif İşçiləri Həmkarlar İttifaqında bir araya gəlmişlər. 1934-cü ildə Maarif İşçiləri Həmkarlar İttifaqı bir neçə müstəqil ittifaqa çevrilmiş, təhsil işçilərinin həmkarlar təşkilatı funksiyasını Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı və Ali və Orta İxtisas Məktəblərinin Həmkarlar İttifaqları  yerinə yetirmişdir.

1948-ci ildə isə Kino-Foto İşçiləri Həmkarlar İttifaqı, Siyasi-Maarif İşçiləri Həmkarlar İttifaqı, Məktəbəqədər Müəssisə İşçiləri Həmkarlar İttifaqı, İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı ilə birləşdirilmişdir.

1957-ci ilin oktyabrında SSRİ-nin tərkibinə daxil olan əksər müttəfiq respublikaların maarif, ali məktəb və elmi idarə işçilərini birləşdirən Ümumittifaq Maarif, Ali məktəb və Elmi İdarə İşçilərinin Həmkarlar İttifaqı təsis olmuş, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda Respublika Komitəsi yaradılmışdır. Azərbaycanın sovetlər birliyində təmsil olunduğu illərdə bu təsisat Maarif, Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Bu illərdə təhsil işçilərinin həmkarlar təşkilatları müstəqil fəaliyyət göstərə bilməsə də, mütəmadi olaraq təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, onların müalicə və istirahətlərinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görmüş, müəllim əməyinin qiymətləndirilməsi, əməyin iqtisadi baxımdan stimullaşdırılması, təhsil işçilərinin pensiya təminatı ilə bağlı təkliflərlə çıxış etmişdir.

Ötən əsrin 70-80-cı illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikamızda həmkarlar ittifaqlarının fəaliyyəti üçün zəngin uğurlarla yaddaqalan olmuş, cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi bu sahənin inkişafı üçün də mühüm tədbirlər həyata keçirilmiş, həmkarlar ittifaqlarının fəaliyyətində demokratikləşmə meyllərinin əsası ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində, məhz o illərdə qoyulmuşdur.

80-ci illərin sonlarından etibarən bütün Sovet imperiyasında başlanan müstəqilləşmə prosesi digər ictimai təsisatlar kimi Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin həyatında da özünü göstərmişdir. Bu illərdə təşkilat proseslərə təsir imkanlarını itirmiş, təhsil işçilərinin problemlərinin həllinə yardım iqtidarı zəifləmiş, Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının fəaliyyətində yaranmış böhran 1990-cı ilin sentyabr ayında təşkilatın I qurultayında ittifaqın yeni nizamnaməsinin təsdiq olunması ilə nəticələnmişdir. Yeni nizamnamədə həmkarlar ittifaqının dövlət orqanlarından asılı olmayan müstəqil ictimai təşkilat kimi fəaliyyət göstərəcəyi öz əksini tapmışdır.

Sonradan 1991-ci ilin 25 oktyabrında keçirilən IV plenumda nizamnaməyə bəzi dəyişikliklər olmuş, 1992-ci il iyunun 10-da isə təşkilat Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmişdir. Həmin nizamnaməyə əsasən İttifaq «Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı» adlandırılmışdır.

Yeni nizamnamədə üzvlərin hüquq və azadlıqları, aşağıdan yuxarıyadək bütün həmkarlar ittifaqı orqanlarının seçkili olması, üzvlər qarşısında hesabatlılıq və s. kimi mütərəqqi müddəalar öz əksini tapmış, qurumun müstəqilliyi təmin edilmişdir. Bu illərdə təhsil işçilərinin hüquqlarının qorunması, sosial təminatının yaxşılaşdırılması, tələbələrin asudə vaxtının səmərəli təşkili, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Bütün bunlarla yanaşı 1990-93-cü illərdə Azərbaycanda yaşanan ağır siyasi böhran, başıpozuqluq, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin sanatoriya və istirahət mərkəzlərində, tələbə yataqxanalarında yerləşdirilməsi, inflyasiya və s. bu kimi problemlər  Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqının nizamnaməsində əksini tapan öhdəliklərin yerinə yetirilməsinə mane olmuşdur.

Bu acınacaqlı vəziyyətin dəyişməsi yalnız 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra mümkün oldu. Respublikada bütün infrastrukturun tamamilə dağıdıldığı, ölkədə hərc-mərcliyin, anarxiyanın hökm sürdüyü bir vaxtda xalqının köməyinə gələn Heydər Əliyevin yürütdüyü səmərəli siyasət nəticəsində qısa müddət ərzində irimiqyaslı layihələrin icrasına başlanıldı, xarici investorlar ölkəyə cəlb olundu, yeni-yeni müəssisələr fəaliyyətə başladı, minlərlə iş yerləri yaradıldı, Azərbaycanın iqtisadiyyatı yenidən quruldu.

Bu inkişaf, tərəqqi tezliklə həmkarlar ittifaqlarının fəaliyyətində də özünü göstərdi. Ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı, bu təsisat öz mahiyyəti üzrə fəaliyyət göstərməyə başladı. Həmkarlar təşkilatlarının fəaliyyətində demokratik prinsiplərin geniş tətbiqi həmkarlar təşkilatlarını işçilərlə rəhbərlik arasında yaranan ziddiyyətləri müəssisənin daxilində həll edə bilən özünüidarəetmə sisteminə çevirdi. Həmkarlar ittifaqlarının fəaliyyətində inzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı.

Ümummilli liderimiz həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində də misilsiz işlər gördü. Həmkarlar təşkilatlarının inkişafına təkan verən önəmli addımlardan biri 1994-cü ilin 24 fevralında "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun imzalanmasından ibarət oldu. Qanun digər peşə sahibləri kimi təhsil işçilərinə də heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququ verdi. Həmçinin həmkarlar ittifaqlarının dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmaması, onlar qarşısında hesabat verməməsi, həmkarlar təşkilatlarının müəssisələrin rəhbərliyindən asılılığının olmaması, qanunvericilikdə bu təsisatın işinə kənar müdaxilələrin yolverilməzliyi ilə bağlı müddəanın öz əksini tapması həmkarlar təşkilatlarının təhsil işçilərinin hüquqlarının qorunması istiqamətində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdı.

Qanunun qüvvəyə minməsindən sonra bu təsisat özünün davamlı inkişaf yoluna qədəm qoydu.

Hər il əmək haqlarının artırılması, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, həmkarlar təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar tezliklə öz bəhrəsini verdi, həmkarlar təşkilatları nüfuzlu bir quruma çevrildi.

1999-cu ildə ölkəmizdə aparılan təhsil islahatı ilə əlaqədar olaraq Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırıldı və təşkilat illər keçdikcə səmərəli fəaliyyəti ilə nüfuzunu qaldıraraq öz sıralarını genişləndirdi.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının  ümumölkə birliyidir.

İttifaqın fəaliyyətində könüllülük, üzvlərin bərabərliyi, şəffaflıq əsas prinsiplərdir. İttifaq öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən, müstəqil, qeyri-kommersiya və qeyri-siyasi təşkilatdır.

İttifaq öz fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, bu Nizamnaməyə, həmkarlar ittifaqının bağladığı müqavilələrə əsasən həyata keçirir.

İttifaq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür, onun Nizamnaməsini tanıyır. İttifaq öz fəaliyyətində dövlət və təsərrüfat orqanlarından, sahibkarlar və onların birliklərindən, ictimai və siyasi təşkilatlardan asılı deyil, onlara hesabat vermir və onlar tərəfindən nəzarət olunmur.

İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Gənclər meydanı, 3.

İttifaq 10 iyun 1992-ci il tarixdə 186 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
Haqqımızda
banner image

Xəbərlər

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.Mayın 15-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

17.05.2024

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

ATİAHİ RK Rəyasət heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Rəyasət heyəti üzvlərini tanış edib.“ATİAHİ RK-nın 2023-cü ilə dair ümumi illik statistik hesabatı barədə”, “İlk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqlarının yekunları və irəli sürülən təkliflər barədə”, “2023-cü ildə ATİAHİ RK-da və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “ATİAHİ-nin üzv təşkilatlarında AHİK-in 25.11.2009-cu il 6b 32 saylı tarixli qərarı ilə keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin yekunları barədə”, “2023-cü ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2023-cü ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.Sonda RK-nın sədri Səttar Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.3 (3).jpg 250.46 KB2 (4).jpg 80.32 KB7 (2).jpg 104.11 KB

01.04.2024

ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb

ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb

2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri və tələbələr iştirak ediblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin gənclər siyasətinə dəstək olmaqdır”.Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir: “Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə isə diplom və pul mükafatı verilib.E21A7596.jpg 152.91 KBE21A7587.jpg 155.13 KBE21A7567.jpg 151.45 KBE21A7548.jpg 197.19 KBE21A7545.jpg 167.95 KB

15.03.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

Keçidlər

Qalereya

Videolar

Bizimlə əlaqə

Bizimlə əlaqə üçün aşağıdakı məlumatlardan istifadə edin

amiu-hik@atiahi.org

Bakı şəhəri. Ayna Sultanova 11

Bizimlə əlaqə

amiu-hik@atiahi.org

Bakı şəhəri. Ayna Sultanova 11

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo