8 noyabr – Zəfər Günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə qeyd olundu


8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən “N” saylı Hərbi Hissədə bayram tədbiri təşkil edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək hərbi hissənin şəxsi heyətini AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından təbrik edib. Bildirib ki, Azərbaycan güclü və yüksək əhval ruhiyyəyə malik ordusu olan bir ölkədir. Biz iki il öncə qırx dörd günlük zəfər savaşında bunun bir daha şahidi olduq: “Azərbaycan ordusunun gücünü 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya gördü. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan torpaqlarımızı işğaldan azad etdi. 44 gün ərzində müzəffər Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı və müvafiq bəyanatın imzalanmasına məcbur edildi. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur”.

M.Cəfərzadə əlavə edib ki, Ordumuzun 44 günlük zəfər yürüşü tək torpaqlarımızın azad edilməsi ilə tarixə düşmədi. Həm də dünyanın hərb tarixində xüsusi vurğulanacaq, dünyada müasir müharibələrin aparılması strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq uğurlu döyüş əməliyyatları kimi yadda qalacaq: “Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Eyni zamanda döyüş meydanı ilə yanaşı diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana çoxsaylı diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran möhtərəm Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi”.
ATİAHİ Respublika Komitəsi sədrinin müavini qeyd edib ki, Azərbaycan Ordusu hər an torpaqlarımızın müdafiəsinə hazırdır. 
Öz növbəsində “N” saylı hərbi hissənin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə, eləcə də ATİAHİ Respublika Komitəsinə təşəkkür edib. Sonra tədbir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konsert proqramı ilə davam etdirilib. 
Tədbirdə II Qarabağ müharibəsində iştirak edən, Füzuli rayonunun təhsil müəssisələrində çalışan bir qrup müharibə veteranına Fəxri Fərman və qiymətli hədiyyə, o cümlədən “N” saylı hərbi hissəyə 4 ədəd televizor hədiyyə olunub. 

Bizimlə əlaqə

amiu-hik@atiahi.org

Bakı şəhəri. Ayna Sultanova 11

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo