Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb
2022-ci il yanvarın 1-i tarixinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olan 27 təşkilatda 15039 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62 birləşmiş və 501 şəhər-rayon komitələri  fəaliyyət göstərir.

COVID-19 pandemiyası ilə bağlı cərəyan edən proseslər qaçılmaz çətinliklər yaradaraq həmkarlar ittifaqlarının fəaliyyətinə mənfi təsir göstərsə də, bir sıra sahələrdə müsbət dəyişikliklər də baş verib. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə həmkarlar ittifaqı sıralarına cəlb edilən tələbələrin sayı 5,1% artmaqla həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 0,9 % çoxalmasına səbəb olub.

Üzvlərinin sayı 15 nəfərə qədər olan təşkilatların sayında 0,4 % artım müşahidə olunub. Respublikada kiçik və orta  sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il həmkarlar ittifaqı üzvlərinin sayı 2,6 % artıb.

2021-ci il ərzində qeyri-dövlət sektoruna aid 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı 3304 olub. Bu da yeni yaradılan təşkilatların sayının 2020-ci illə müqayisədə 4, üzvlərinin sayında isə 7 dəfə artım deməkdir.

Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 107 həmkarlar ittifaqı təşkilatına 13808 nəfər üzv olub, nəticədə orada üzvlüyə cəlb olunanların sayı 2020-ci ilə nisbətən 2,5 dəfə artıb.

Həmkarlar ittifaqı üzvü olan qadınların sayı 1,6 % artaraq üzvlərin ümumi sayının 52,3%-ni təşkil edib. Gənclərin sayında isə 0,5 % artım olub.

Ötən il işəgötürənlərlə 123 saziş, 11806 kollektiv müqavilə bağlanılıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan üzvlərin sayı isə 4,1% artıb.

Sahə həmkarlar ittifaqlarının 2021-ci il üzrə tərtib etdiyi statistik hesabatların yekunlarına əsasən, qeyd etmək lazımdır ki, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasının gücləndirilməsi, yeni  təşkilatların, xüsusilə də özəl sektorda yaradılması, maarifləndirilməsi, müasir tələblərə uyğunlaşdırılması, işçilərin hüquqlarının qorunması, onların müraciətlərinə diqqətin artırılması barədə AHİK-in tövsiyələrinin yerinə yetirilməsi istiqamətində müsbət addımlar atılıb.

Bizimlə əlaqə

amiu-hik@atiahi.org

Bakı şəhəri. Ayna Sultanova 11

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo