Həmkarlar ittifaqlarına olan müraciətlərin 97,9 %-i müsbət həllini tapıb – İcraiyyə Komitəsi
Martın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2022-ci ilin I yarımilliyi üçün iş planı haqqında”, “Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında”, “2021-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil planı haqqında”, “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2021- ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatlarının əsas göstəriciləri haqqında”, “Azərbaycan həmkarlar ittifaqlarının 2021-ci  il üzrə gender statistikası haqqında”, “2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər  əldə  etmiş  gənclərə  “İlin peşəkar gənci”  fəxri adının verilməsi barədə”, “Novruz bayramı ilə əlaqədar aztəminatlı ailələrə ərzaq yardımı göstərilməsi barədə”, “YAŞAT Fonduna maliyyə  yardımı  göstərilməsi  barədə” və “Qarabağ Dirçəliş Fonduna  pul vəsaitinin ayrılması haqqında” məsələlərin daxil edildiyi barədə məlumat verib.

Müzakirələrdən öncə S.Möhbalıyev qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin bütün xanımlarını, o cümlədən Azərbaycan həmkarlar ittifaqlarının qadın üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı, səadət və gələcək işlərində uğurlar diləyib. Bildirib ki, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.

Sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsinə başlanılıb. “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə” məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Azərbaycan həmkarlar ittifaqları aparatlarına 2021-ci ildə həmkarlar ittifaqı üzvlərindən 143 834 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə 1 093 müraciət daxil olub. Onlardan 97,9 %-i müsbət həll edilib.

Bildirilib ki, ötən il 124 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib ki, onun da 65 nəfəri sədrin qəbulunda olub və qaldırdıqları məsələlər öz müsbət həllini tapıb.

Ümumiyyətlə, 2021-ci il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə əlaqədar həmkarlar ittifaqına 297 müraciət daxil olub, onlardan 193-ü və ya 65,0 %-i müsbət həll olunub.

İttifaq üzvlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya görə AHİK-in ünvanına 27 təşəkkür məktubu ünvanlanıb.

İclasda qəbul olunmuş qərarla üzv təşkilatların rəhbərlərinə tövsiyə olunub ki,  həmkarlar ittifaqı üzvlərindən daxil olan məktubların obyektiv şəkildə hərtərəfli araşdırılması, faktların təsdiqi müqabilində qaldırılan məsələlərin həllinə köməklik göstərilməsi, şikayətçilərin məlumatlandırılması ilə əlaqədar müvafiq şöbə və ya mütəxəssislərin vəzifə məsuliyyətlərinin artırılması, təkrar müraciətlərin səbəblərinin aydınlaşdırılması məsələlərinə nəzarət gücləndirilsin.

“Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında” məsələ ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Konfederasiyaya üzv olan 27 təşkilatda 15 039 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62 birləşmiş və 501 şəhər, rayon komitələri  fəaliyyət göstərir. 2020-ci illə müqayisədə həmkarlar ittifaqı sıralarına cəlb edilən tələbələrin sayı 5,1 % artmaqla həmkarlar ittifaqı üzvlərinin ümumi sayı da  0,9% artıb. Həmkarlar ittifaqı üzvlərinin sayı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqında 3,9 %, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında 3,0 %, “Azərsu” Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqında 2,7 %, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqında 2,5 %, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasında 0,5 % artıb. Üzvlərin sayı 15 nəfərə qədər olan təşkilatların sayında da 0,4 % artım var. Respublikada kiçik və orta  sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il ərzində həmkarlar ittifaqı təşkilatlarının sayında 0,5 % azalma müşahidə olsa da, həmkarlar ittifaqı üzvlərinin sayı 2,6% artıb.

Qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı 3304 olub. Bu da yeni yaradılan təşkilatların  sayının ötən illə müqayisədə 4, üzvlərinin sayında isə 7 dəfə artım deməkdir. Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 107 həmkarlar ittifaqı təşkilatında 13 808 nəfər  həmkarlar ittifaqı sıralarına qatılmış və nəticədə orada üzvlüyə cəlb olunanların sayı əvvəlki ilə nisbətən 2,5 dəfə artıb.

Bildirilib ki, həmkarlar ittifaqı üzvü olan qadınların sayı 1,6 % artıb və üzvlərin ümumi sayının 52,3 %-ni təşkil edir. Gənclərin sayı da 0,5 % artıb. Ötən il işəgötürənlərlə 123 saziş, 1 1806 kollektiv müqavilə bağlanıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan üzvlərin sayı isə 4,1 % artıb.

“2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər  əldə  etmiş  gənclərə  “İlin peşəkar gənci”  fəxri adının verilməsi barədə” məsələyə baxılarkən bildirilib ki, AHİK İcraiyyə Komitəsinin qərarı ilə 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib və indiyə kimi 87-si qadın olmaqla 369 nəfər gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

İcraiyyə Komitəsinin budəfəki qərarı ilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş daha  58 gənc bu fəxri adı alıb.

Həmçinin YAŞAT Fonduna  50 000 manat, Qarabağ Dirçəliş Fonduna 50 000 manat vəsait köçürülməsi, bundan başqa, Respublikanın 76 rayonunda yaşayan 4015 aztəminatlı ailəyə ərzaq bağlamalarının paylanması, eyni zamanda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına eyni məqsədlər üçün 50 000 manat vəsaitin köçürülməsi barədə İcraiyyə Komitəsi müvafiq qərarlar qəbul edib.

Gündəliyə daxil edilmiş “2021-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil planı haqqında” məsələnin müzakirəsi zamanı bildirilib ki, 2021-ci ildə Əmək və Sosial Münasibətlər Akademiyasının rektorluğu Konfederasiyanın üzv təşkilatları ilə birgə həmkarlar ittifaqları kadr və fəallarının təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirib. Ötən ilin sentyabr-noyabr ayları ərzində 254 nəfər kurslarda iştirak edib.

2021-2022-ci ilərlin təsdiq edilmiş təhsil planına əsasən, həmkarlar ittifaqlarının 830 nəfər fəalının Akademiyanın kurslarında onlayn təhsilə cəlb olunması nəzərdə tutulub.

Pandemiya ilə əlaqədar olaraq, 2021-2022-ci illər üçün həmkarlar ittifaqı kadr və fəallarının təhsil  planı mərhələlərlə onlayn formatda həyata keçirilir. Belə ki, 2022-ci ildə 578 nəfərin təhsilə cəlb olunması planlaşdırılır. Müzakirələrdən sonra Əmək və Sosial Münasibətlər Akademiyasının 2022-ci il üçün təhsil planı təsdiq edilib.

Daha sonra gündəlikdə olan digər məsələlər, o cümlədən cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.

S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.

Bizimlə əlaqə

amiu-hik@atiahi.org

Bakı şəhəri. Ayna Sultanova 11

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo