Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb
Aprelin 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri (QETİHİ) Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri sosial, siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf etməkdədir.

Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri deyib ki, ölkəmizdə ən böyük ictimai təşkilat olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.

S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları Azərbaycanda əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü iş aparır.

S.Möhbalıyev həmçinin Azərbaycanın uğurlu təhsil siyasətindən də bəhs edib: “Dövlətimizin iqtisadi imkanlarının artması təhsil sahəsinə də öz təsirini göstərir. Azərbaycanda təhsilin inkişafı bu sahədə çalışan insanların sosial-rifah halının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Demək olar ki, hər il təhsil sahəsində çalışan insanların əməkhaqları artırılır. Bu ilin yanvarın 1-dən Azərbaycanda təhsil sahəsində işləyənlərin əməkhaqları 20 faiz artırılıb ki, bu da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı atılan addımlardan biridir”.

Səmimi qəbula görə, təşəkkür edən QETİHİ sədri Aygül Mukaşeva Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, qarşılıqlı səfərlər təşkil edildiyini, təcrübə və fikir mübadilələrinin aparıldığını deyib. Bildirilib ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.

Daha sonra tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb. Müqavilədə elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması, əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, təminatı və müdafiəsi, təhsil sahəsində  dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması, həmkarlar ittifaqlarının fəaliyyət metodikasının təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması, tərəflərin mövqelərinin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsi, elm və təhsil  sahələrində dövlət siyasətinin formalaşdırılmasında həmkarlar ittifaqlarının rolunun artırılması üçün səylərini birləşdirməsi, fəaliyyətlərini əlaqələndirilməsi və s. kimi məsələlər öz əksini tapıb.

Sonda S.Möhbalıyev və A.Mukaşeva jurnalistlərin suallarını cavablandırıb, imzalan sənədin mahiyyəti və əhəmiyyətini açıqlayıblar.

Bizimlə əlaqə

amiu-hik@atiahi.org

Bakı şəhəri. Ayna Sultanova 11

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo